Son əlavələr‎ > ‎

Azərbaycanda işsizlərə nə iş verən var, nə də işsizliyə görə görə müavinət verən!

14 May 2016 11:22 tarihinde Admin Sheki.city tarafından yayınlandı   [ 16 May 2016 06:39 güncellendi ]
İşsizliyə görə müavinət 15 yaşına çatmış, məşğulluq xidmətində qeydə alınmış və işsiz statusu olan vətəndaşlara verilməli idi. Müavinət işsiz sayılanların sayından təklif olunmuş işdən əsassız imtina edənlərə, yenidən qeydə alınma rejiminə əməl etməyənlərə, fırıldaq yolu ilə müavinət almaq istəyənlərə və s. səbəblər üzündən müavinət almaq hüququnu itirmiş vətəndaşlara verilmir.   

Dövlət Statistika Komitəsinin məlumatında göstərilir ki,  Azərbaycanda qeydiyyata alınmış cəmi 29 min işsiz var. Bu, fevralın 1-dək qeydiyyata alınan işsizlərin sayıdır. Qeydiyyata alınmış işsizlərin 38 faizi qadınlardır. 

Statistika Komitəsinin məlumatına görə, qeydiyyata alınmış işsizlərin çoxu paytaxt Bakıda yaşayırlar. Bakıdakı işsizlərin sayı 12 min nəfərdən çoxdur. İşsizliyə görə müavinət alanların sayı 1012 nəfərdir. Statistika Komitəsinin rəqəmlərinə görə, işsizlərə verilən müavinətlərin orta məbləği 281 manatdır. 

Dövlət Statistika Komitəsinin saytında dərc olunub ki, 2014-cü ildə Şəki rayonunda cəmi 22 nəfər “xoşbəxt” işsiz işsizlik müavinəti ala bilibmiş?! Şəki rayonunda 2015-ci ildə cəmi 54, 2016-cı ilin birinci rübündə isə 79 nəfərə işsizlik müavinəti verilib. İqtisadi-fəal əhalinin yarıdan çoxunun işsiz olduğu məmləkətdə niyə işsizliyə görə müavinət alan işsizlərin sayı bu qədər azdır?! 

İşsizliyə görə müavinət almaq istəyən vətəndaş, iş yerini itirdikdən sonra 6 ay ərzində işsiz kimi qeydiyyata düşə bilərsə, 6 ay müddətində işlədiyi dövrdə aldığı aylıq əmək haqqının 70 % miqdarında aylıq müavinət almalıdır. İşini itirən vətəndaşlar, işlərini itirdikdən sonra 6 ay müddətində işsiz statusu almayıblarsa, məsələn, işsiz statusu üçün 7-ci ay müraciət ediblərsə,  onlara 6 ay müddətində cəmi 75 manat manat aylıq müavinət verilməlidir. Bu kateqoriyadan olan vətəndaşların  6 aydan sonra yenidən müavinət almaq hüquqları yoxdur, onlara il ərzində cəmi 6 ay müavinət verilə bilər. 

Bir şeyi də nəzərə almaq lazımdır ki, son 5 il ərzində işləməyən və Sosial Müdafiə Fondunda adına pul köçürülməyən vətəndaşa işsizliyə görə müavinət verilmir. Yəni işsizin 6 ay müddətində aldığı müavinəti də dövlət vermir, bu işsizin öz puludur, işlədiyi müddətdə Sosial Müdafiə Fondunda toplanıb. Sual ortaya çıxır:  İşsizə cəmi 6 ay istehlak səbəti dəyərinin yarısı miqdarında müavinət verildi. İşsiz də bir gün ac, bir gün tox 6 ay birtəhər yaşadı, ölmədi. 6 aydan sonra işsiz bəs nə yeməlidir? 

Sadlq Fətəliyev