Son əlavələr‎ > ‎

Bərdədə özünü yandırmış Qarabağ əlilinin yanına heç kimi buraxmırlar ki, xəbər yayılmasın...

29 Oca 2014 03:51 tarihinde Aydın Məmmədov tarafından yayınlandı
    Yanvarın 28-də Bərdə rayonu, Alpout kənd sakini, 2-ci qrup Qarabağ əlili Maarif Vəliyevin icra hakimiyyətinin binası önündə özünü yandırdığı bildirilir. Hazırda o, Bərdə rayon Xəstəxanasındadır.

Bu haqda AzadlıqRadiosuna Qarabağ Qaziləri İctimai Birliyinin sədri Etimad Əsədov məlumat verib. Etimad Əsədovun dediyinə görə, əlilin özünü yandırmasına torpaq istəyi səbəb olub: 

«Bərdə sakini olsa da, evi olmadığından ailəsi ilə Tərtərdə yaşayır. Dəfələrlə Bərdə rayon İcra Hakimiyyətinə gedib ona 3-5 sot torpaq sahəsi verilməsini istəyib. Onlar da verməyiblər, get-gələ salıblar. Axırda o da üstünə benzin tökərək özünü yandırıb».

   Etimad Əsədov Maarif Vəliyevin ciddi nəzarətə götürüldüyünü bildirir:

«Xəstəxanada da yanına heç kimi buraxmırlar ki, xəbər yayılmasın. Əlillərimizdən biri gedib görüşə bilib. Hazırda müalicəsi davam edir. Məmurlar səviyyəsində gizlədilir ki, hadisənin üstü açılmasın».

«VƏZİYYƏTİ YAXŞIDIR»

Bərdə rayon Polis Şöbəsinin növbətçi hissəsindən dedilər ki, onlarda Maarif Vəliyev adlı özünü yandıran şəxs qeydə alınmayıb:

«Nəinki bu gün, bundan əvvəlki günlər üçün də qeydlərdə belə məlumat yoxdur».

   Bərdə rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vahid Qarayev da deyir ki, icra hakimiyyətinin binası qarşısında özünü yandıran adam olmayıb.

   Bərdə rayon Mərkəzi Xəstəxanasının baş həkimi İftixar Zeynalov isə bildirir ki, Maarif Vəliyev 2-3 gündür ki, xəstəxanadadır:

«İkinci dərəcəli aşağı ətrafların termik yanığı ilə xəstəxanaya daxil olub. Özünü yandırmağı ilə bağlı məlumat yoxdur. Yanıq xəsarətidir. Paltarı, ayaqları yanıb. O demək deyil ki, özünü yandırıb. Harada yandığını bilmirəm. İki günə çıxacaq, vəziyyəti yaxşıdır».

Mənbə: Azadliq.org>>