Son əlavələr‎ > ‎

Dünyamin Xəlilovun yeni Apelyasiya şikayətləri

29 Ağu 2017 10:58 tarihinde Aydin Salis tarafından yayınlandı   [ güncellendi ]
Fəaliyyəti dayanmış “Mədəni İrsin Qorunmasına Dəstək” İB-nin sədri Dünyamin Xəlilova qarşı iki tikinti şirkəti ayrıca məhkəmə iddiaları qaldıraraq ondan pul istəyir. Bunlardan birincisi 
"Akkord"dur - Şəkidə inşası başa çatmamış Heydər Əliyev Mərkəzinin və Bayraq meydanının tikintisi üçün bir milyon manat ödəməsini istəyir. İkincisi isə Şəki Tikinti Kombinatıdır - Mərkəzi xəstəxananın və Dram Teatrın fasadının təmirinə görə milyon yarım tələb edir. Birinci instansiya məhkəməsi iddiaçıların xeyirinə qərar versələr də, Dünyamin Xəlilov qərarlarla razılaşmır, onların gördükləri işdən 8-9 dəfə artıq məbləğ tələb etdiklərini bildirir və birinci instansiya məhkəmələrinin qərarlarından apelyasiya şikayəti vermişdir. Maraqlı məqamlardan biri də budur ki Şəki Mərkəzi Xəstəxanasının fasadının tezalışan üzlüklərlə işlənməsi vurğulayır, hansı ki, Prezidentin göstərişi ilə Respublikanın hər yeridə bu üzlüklər dəyişdirilmişdir.
Həmin apelyasiya şikayətlərinin tam mətni faylda bu səhifəyə əlavə edilmişdir.
Bununla yanaşı fəaliyyəti dayanmış “Mədəni İrsin Qorunmasına Dəstək” İB-nin həmtəsisçilərindən biri olan Məmməd Hüseynov da Dünyamin Xəlilovun nümayəndəsi qismində birinci instansiya məhkəmələrinin qərarlarından Prezidentə şikayət etmişdir. Məktubun tam mətnini aşağıda dərc edirik:

Cənab Prezident!

Siz 2012-ci ilin sentyabrın 9-da Şəkiyə növbəti rəsmi səfəriniz zamanı Heydər Əliyev Mərkəzinin təməlqoyma mərasimində iştirak etmişsiniz.
Əvvəlcə rayondan seçilmiş millət vəkillərinin, Şəki rayon İcra Hakimiyyətinin başçısı cənab Elxan Usubovun və “Mədəni İrsin Qorunmasına Dəstək” İB-nin İdarə Heyətinin sədri cənab D.Xəlilovun (sifarişçi təşkilatı təmsil edən) iştirakıilə birlikdə Mərkəzin layihəsini əks etdirən stendlərə baxış keçirmişsiniz.

Sonra inşa ediləcək Heydər Əliyev Mərkəzi, Bayraq Meydanı və Şəki Şəhər İcra Hakimiyyəti üçün yeni binanın maketi ilə tanış olduqdan sonra Heydər Əliyev Mərkəzinin təməlini qoymuşdunuz. Sifarişçi təşkilatın rəhbəri kimi cənab D.Xəlilov məlumat vermişdir ki, mərkəzin tikintisi ulu öndərin xatirəsinin əbədiləşdirilməsi məqsədini daşıyır. Burada dahi rəhbərin irsinin öyrənilməsinə və təbliğinə geniş yer ayrılacaqdır. Mərkəzin ümumi sahəsi 5 min 629 kvadratmetr olacaqdır.

Üç mərtəbədən ibarət olacaq Heydər Əliyev Mərkəzində ulu öndərin həyat və fəaliyyətindən bəhs edən muzeyin, 230 nəfərlik akt zalının, kitabxananın, sərgi zalının, toplantı və tədris otaqlarının, linqafon kabinetinin, həmçinin digər təyinatlı bölmələrin yaradılması nəzərdə tutulur.

Orijinal memarlıq üslubunda inşa olunacaq Heydər Əliyev Mərkəzi 1969-cu ildən başlayaraq Heydər Əliyevin hakimiyyətdə olduğu dövrlərdə Azərbaycanın keçdiyi inkişaf yolunu tam mənası ilə sərgiləyəcəkdir. Bu mərkəz Heydər Əliyev irsinin təbliğində mühüm rol oynamaqla yanaşı, gənc nəslin dünyagörüşünün, bilik və bacarığının artırılmasına hərtərəfli imkan yaradacaqdır.

Sonda cənab Prezident Siz tikinti işlərinin yüksək səviyyədə görülməsi ilə bağlı müvafiq tapşırıqlar vermişdiniz. Lakin çox təəssüflər olsun ki, belə bir dövlət əhəmiyyətli obyektlərin inşaası 2015-ci ildən bugünədək obyektiv və subyektiv səbəblər üzündən dayanmışdır.

Xatırlatmaq yerinə düşərdi ki, müasir tipli H.Əliyev Mərkəzinin, Bayraq meydanının,parkın tikintisi işlərinin “sifarişçi”si “Mədəni İrsin Qorunmasına Dəstək” İctimai Birliyinə həvalə edilmişdir. İB öz növbəsində müxtəlif ianələrin, qrantların hesabına regionda (Şəki şəhərində) dövlət əhəmiyyətli obyektlərin tikilib istifadəyə verilməsi istiqamətində layihələr həyata keçirmişdir. Bu layihələrdən biri də hazırkı iş üzrə iddiaçı tərəf olan “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-tilə bağlanmış 01.03.2013-cü il tarixli, 03/03-13 nömrəli podrat müqaviləsidir ki, bu müqaviləyə əsasən iddiaçı Şəki rayonun Qoxmuq kəndi ərazisində Heydər Əiyev Mərkəzinin, parkının və Bayraq meydanının tikinti işlərini yerinə yetirməyi, başa çatdırmağı və “İctimai Birliyə” tam hazır vəziyyətdə təhvil verməyi, “İctimai Birlik” isə görülən işin müqabilində ödəniş etməyi öhdəsinə götürmüşdür.

2015-ci ildən “Mədəni İrsin Qorunmasına Dəstək” İB-nin fəaliyyəti dayandırılmış və İdarə Heyətin sədri D.Z.Xəlilov istintaqa cəlb edilmişdir. Bu arada “podratçı” təşkilat qismində iştirak edən “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-ti layihə üzrə nəzərdə tutulmuş işləri 2013 və 2014-cü illərdə qismən icra etməklə nəzərdə tutulan 4.629.533 manat pulu sifarişçidən tələb etmişdir. Və sifarişçi tərəfindən 3.240.496 manat qismən ödəniş edilsə də “icraçı” təşkilat qalıq pulun hesablarına köçürülməsi üçün 03.12.2017-ci il tarixli pretenziya məktubu təqdim etmiş və dərhal “Pul tələbi”ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Sədrlik edək hakim Vüsalə Baxışova ilə iddiaçı tərəfin gizli sövdələşməsi nəticəsində qısa müddət ərzində faktlar yerində araşdırılmadan və cavabdeh tərəfin proseslərdə iştirak etməməsindən istifadə edərək sonda 13.02.2017-ci il tarixli ədalətsiz qətnamə qəbul edilmişdir. Məhkəmə ədalətli qətnamə qəbul etsəydi, tələb olunan pulun əvəzinə 2015-ci ildən üzürlü səbəblərə görə fəaliyyəti dayandırılmış İB-yin balansında olan əmlakın dəyərini, bank hesabında olan vəsaitlərə yönəltməklə və reallıqda görülən işlərlə təqdim edilmiş şişirtmə rəqəmlər arasında olan fərqi hesablamaqla real nəticəyə gələ bilərdi. Yəni, ən azı məhkəmə ekspertiza təyin etsəydi aydın olardı ki, reallıqda görülən işlə, tələb olunan pul arasında ən azı 10 dəfə fərq ortalığa çıxa bilərdi. İddiaçı tərəf cavabdeh tərəfin düşdüyü əlverişsiz şəraitdən istifadə etməklə əsassız varlanmaq istəmişdir. Və hələlik bu məqsədinə qismən nail olmuşdur.

Podratçı “Akkord” ASC-ti faktiki olaraq gördüyü real işdən ən azı 8-9 dəfə artıq pul tələb etməklə qanunazidd əməllərə yol vermişdir. Ən təəssüfləndirici hal bundan ibarətdir ki, Heydər Əliyev Mərkəzinin tikintisi ulu öndərin xatirəsinin əbədiləşdirilməsi məqsədini daşısa da bundan süi-istifadə edən “Akkord” ASC-ti gördüyü keyfiyyətsiz işin müqabilində yalnız külli-miqdarda pul qazanmaq məqsədi güdmüşdür. Artıq 3 ilə yaxındır ki, inşası yarımçıq qalmış H.Əliyev Mərkəzi qarın-yağışın altında erroziyaya uğrayıb keyfiyyətini itirməkdədir.

Doğrudur, 15 mart 2016-cı ildə Milli Məclisdə millət vəkili Yaqub Mahmudov Şəkidə tikintisi yarımçıq qalmış H.Əliyev Mərkəzinin taleyi barədə məsələ qaldırsa da nəticəsi olmamışdır. Və bu gün də ulu öndərin adını əbədiləşdirən kompleks baxımsızlıq ucbatından yararsız vəziyyətə düşməkdədir. Faktiki olaraq “Akkord” ASC-ti heç olmasa aldığı pulun yarısı qədər iş icra etsəydi Mərkəz 2015-ci ildə tam inşa edilib təhvil verilə bilərdi.

Möhtərəm cənab Prezident Sizdən xahiş edirik ki, ulu öndərin xatirəsinin əbədiləşdirilməsi, dahi rəhbərin irsinin öyrənilməsinə xidmət edəcək və inşaası yarımçıq qalmış Mərkəzin tikintisi zamanı“Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-ti tərəfindən açıq-aşkar yol verilmiş maxenasiya hallarının yerində yoxlanılaraq hüquqi qiymətin verilməsi üçün xüsusi komissiya yaradılmasına göstəriş verəsiniz. Əvvəlcədən minnətdarlığımızı bildiririk.

Qoşmalar: 11 fotoşəkil, 13.02.2017-ci il tarixli məhkəmə qətnaməsi, Pretenziya məktubu, etibarnamə, Baş Gömrük İdarəsinin 17.05.2017-ci il tarixli məktubu.

Hörmətlə, cavabdehin etibarnamə üzrə nümayəndəsi:
 M.Ə.Həmidov 
 (070-7111289,050-3598632)


-

P.S. "Akkord"un iddiasını təmin edən birinci instansiya məhkəməsinin qərarından apelyasiya şikayətinə 7 sentyabr tarixdə baxılmış və rədd edilmişdir. 
Şəki Tikinti Kombinatı iddiasını təmin edən birinci instansiya məhkəməsinin qərarından apelyasiya şikayətinə isə 9 oktyabr tarixdə baxılacaqdır.
ĉ
Aydin Salis,
30 Ağu 2017 01:21
ĉ
Aydin Salis,
30 Ağu 2017 01:21