Son əlavələr‎ > ‎

Astara rayonunda bəzi kümdarlar 1 qutu qurd toxumundan 80 kq məhsul əldə ediblər, amma...

20 Haz 2018 05:19 tarihinde Aydin Salis tarafından yayınlandı   [ 21 Haz 2018 05:47 güncellendi ]
Respublikada yaş barama tədarükü rəsmi mənbələrə görə 500 tona yaxınlaşmaq üzrədir. 

Bu il bütün ölkə üzrə 13 min qutu qurd toxumu paylanıldığını və hər qutudan da orta hesabla 40 kq məhsul əldə edilməsinin mümkünlüyünü nəzərə alsaq  yaş barama tədarükü 520 tona çata bilərdi. Lakin rəsmi bəyanatlarda hədəf  bir qədər az, 500 ton olaraq, bəzən isə 450-500 ton olaraq götürülmüşdü.

Bəzi rayonlarda barama tədarükü artıq başa çatıb, bəzi rayonlarda isə hələ təzəlikcə başlayıb.

Barama tədarükünə yeni başlayan rayonlardan biri isə Astaradır.

Respublikanın ən cənubunda yerləşən Astara rayonunda uzun illər fasilədən sonra  ilk dəfə olaraq məhz bu il baramaçılıq bərpa edilmiş - rayon üzrə 52 qutu qurd toxumu paylanılmış və 2 ton məhsul əldə edilməsi planlaşdırılmışdı.  

18 iyun tarixdə Astara kümdarları ilk olaraq 197 kq yaş baramanı "Azəripək" MMC-nin nümayəndələrinə təhvil veriblər. Bu gün -  20 iyun tarixdə isə  500 kq-dan  çox barama təhvil verməyə hazırlaşırlar. 

Astara rayon kənd təsərrüfatı idarəsindən "İpəkçi"yə bildirildi ki bu hələ son deyil, lakin rayon üzrə ümuni nəticə təəssüflər olsun ki, nəzərdə tutulmuş 2 tona çatmayacaq. 

Belə ki cari barama mövsündə havaların yağışlı keçməsi bəzi hallarda qurdların tələf olması ilə nəticələnib. Bəzən isə kümdarlar təcrübəsizliyə yol vermiş, nəticədə qurdları məhv olmuşdur. 

Məhsuldarlıqla bağlı sualımıza rayon kənd təsərrüfatı idarəsindən cavab olaraq bildirildi ki, "elə yer var ki, 1 qutudan  80 kq, elə yer var ki, 20 kq məhsul əldə olunub". Bundan başqa əlavə olaraq vurğulandı ki, "Astara baramaçılıq üçün heç də münasib yer deyil, baramaçılıqla bağlı olaraq ipəkqurdu kəpənəklərinin burada yayılması təhlükəsi də var, bu isə rayonda ənənəvi olaraq yetişdirilən sitrus bitkilərinə böyük ziyan vura bilər".
Aydın Məmmədov

Qeyd: Fotoşəkil AZƏRTAC-ındır.