Son əlavələr‎ > ‎

Elmar Vəliyevə atəş açan Yunis Səfərov Moskva Mədəniyyət və İncəsənət Universitetinin hüquq fakultəsinin məzunu imiş

5 Tem 2018 14:17 tarihinde Aydin Salis tarafından yayınlandı   [ 6 Tem 2018 09:32 güncellendi ]

Müharicətdə yayayan "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahid öz Feysbuk səhifəsinə
yazır ki, Elmar Vəliyevə atəş açan Yunis Səfərov
"Moskva Mədəniyyət və İncəsənət Universitetinin hüquq fakultəsini bitirib. Sonra Moskvada 157 nömrəli orta məktəbdə tarix müəllimi işləyib. Məktəbin keçmiş direktoru ilə danışa bildim. "Yunis olduqca mədəni, ziyalı, kübar bir gəncdi"- dedi".

Moderator.az saytında isə Yunis Səfərovun ali təhsilli hüquqşunas olması vurğulansa da, onun  öz ixtisası üzrə  heç vaxt işləmədiyi və üstəlik, həm də İranda dini təhsil alması da iddia edilir:
"Yunis ali təhsilli hüquqşünasdır, lakin öz ixtisası üzrə işləməyib. Dini qurumlarla birgə fəaliyyət göstərirdi. Alınan məlumata görə 4-5 il əvvəl ailəsi ilə birlikdə İrana oxumağa gedib, daha doğrusu, göndərilib. Orda həqiqi dini təhsil alıb-almadığı dəqiq məlum olmasa da, 2-3 ildən sonra Moskvaya qayıdıb".

Həmçinin, Hurriyyet.org saytında Yunis Səfərov və hadisə haqqında aşağıdakı maraqlı informasiya getmişdir:

"Etibarlı mənbədən aldığımız informasiyaya görə, icra başçısına hücum zamanı o, sol çiynindən və sol gözündən ağır yara alıb. Mühafizəçisi isə 4 güllə yarasından hadisə yerində dünyasını dəyişib.

Mənbə deyir ki, hadisə Elmar Vəliyev İcra Hakimiyyətinin binasından çıxarkən baş verib. Belə ki, o, hər zaman olduğu kimi, binanın ön qapısından (park tərəfdən olan girişdən – müəl.) çıxıb avtomobilinə əyləşmək istəyərkən, hadisəni törədən Yunis Səfərov ona yaxınlaşaraq atəş açıb. Həmin vaxt mühafizəçi özünü qabağa verdiyindən 4 güllə ona, qalan 2 güllə isə icra başçısına dəyib.

Qeyd edək ki, hadisə baş verən zaman İcra Hakimiyyətinin binasının qarşısında 4 nəfər polis əməkdaşı olsa da, onlar son ana qədər müdaxilə etməyib, yalnız hadisəni törədən Yunis Səfərovun qaçmadığını və silahını yerə atdığını gördükdə, yaxınlaşaraq onun əlini arxadan bağlayıblar.

Mənbənin sözlərinə görə, Rusiya vətəndaşı olan Yunis Səfərov 7-8 ay əvvəl Gəncədə bankların birinə məxsus olan inkassator maşınını soyduğu və bu zaman polis əməkdaşlarından birinin silahını ələ keçirdiyi üçün barəsində axtarış elan edilibmiş. Maraqlıdır ki, həmin vaxt Y.Səfərovun maşında olan pulu götürmədiyi, sadəcə bir hissəsini küçəyə səpələdiyi bildirilir. Bu baxımdan, istisna olunmur ki, o, icra başçısını güllələyərkən, məhz həmin soyğun zamanı ələ keçirdiyi silahdan istifadə edib".


Məlumat üçün əlavə edək ki, Yunis Səfərovun 7-8 ay əvvəl Gəncədə bankların birinə məxsus olan inkassator maşınını soyduğu və maşında olan pulu götürmədiyi, sadəcə bir hissəsini küçəyə səpələdiyi haqqında yazılanlar da Məlikməmməd nağılına daha çox bənzəyir. Ən azından bir adamın təkbaşına inkasatora hücum etməsi faktiki olaraq mümkün deyil, azı 3-4 nəfər birlikdə edə bilər bunu.

06 İyul 2018 tarixdə, günorta saatlarında isə Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizlik Xidməti Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin güllələnməsi faktı ilə bağlı növbəti açıqlama yayıb.

Açıqlamada bildirilir ki,

"Xəbər verildiyi kimi, Gəncə şəhərində anadan olmuş Yunis Səfərov 2018-ci il iyul ayının 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşı polis serjantı Qasım Aşbazova odlu silahdan atəş açaraq müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Fakt üzrə başlanılmış cinayət işi üzrə həyata keçirilən istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri ilə müəyyən edilib ki, Rusiya Federasiyasının vətəndaşı olan Yunis Səfərovun törətdiyi bu cinayət məqsədyönlü şəkildə həyata keçirilən, əvvəlcədən planlaşdırılmış terror aktıdır. O, 2016-cı ildə İran İslam Respublikasına gedərək 8 ay Qum şəhərində yaşamış və bu müddət ərzində Azərbaycan vətəndaşı olan Rasim Əsədovla birgə Suriya Ərəb Respublikasının ərazisində olan silahlı birləşmələrin tərkibində döyüş təlimi keçib.

 

2017-ci ildə isə Azərbaycana qayıdaraq Gəncə şəhərinə gəlmiş, həmin ilin iyun ayında odlu silah əldə etmək üçün "Kapitalbank"ın Gəncə  filialında postda duran polis əməkdaşına hücum edib, başına küt alətlə xəsarət yetirərək "Makarov" markalı xidməti tapançasını ələ keçirib. Bundan sonra Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevi öldürmək məqsədilə 2018-ci ilin yanvar ayında Elmar Vəliyevi izləyib, şübhəli davranışı polis əməkdaşının diqqətini cəlb etdiyindən həmin tapançadan atəş açaraq onu yaralayıb hadisə yerindən qaçıb.

 

Cari il iyul ayının 3-də isə Gəncə şəhər İcra Hakimiyyətinin qarşısına gələrək, qeyd olunduğu kimi, Elmar Vəliyevi və onun yanında olan polis əməkdaşını qətlə yetirməyə cəhd edib.

 

Araşdırmalar göstərib ki, Yunis Səfərovun terror aktını törətməkdə əsas məqsədi Azərbaycanda şəriət qanunları ilə idarə olunan islam dövləti qurmaq, bunun üçün bir neçə tanınmış dövlət məmurunu öldürməklə respublikada ajiotaj, xaos, vahimə yaratmaq, nəticə etibarilə hakimiyyətin zorla ələ keçirilməsini təşkil etmək olub. O, bu məqsədini həyata keçirmək üçün "Müsəlman birliyi hərəkatı" adından Azərbaycan vətəndaşlarına videomüraciət də hazırlayıb, onu xarici ölkədə yaşayan məsləkdaşlarına göndərib və iyul ayının 3-də Gəncə şəhərində törətdiyi terror aktı baş tutacağı halda həmin müraciətin respublikada yayılmasını nəzərdə tutub. Videomüraciətdə Yunis Səfərov "Müsəlman birliyi hərəkatı"nın sədri Taleh Bağırzadənin üç körpəsini başsız qoyan şəxsi öldürmüşəm, bundan nümunə götürün. İslamın düşmənlərini öldürün, Azərbaycanda hakimiyyəti islam birliyi ələ almalıdır" deyərək, ölkə əhalisini respublikanın vəzifəli şəxslərinə qarşı silahlı mübarizəyə qalxmağa çağırış edib.

 

Həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə Yunis Səfərovla birgə cinayətin hazırlanmasında iştirak edən mütəşəkkil cinayətkar dəstənin üzvlərindən daha 3 nəfər tutulub. Bu cinayətkar dəstənin digər üzvlərinin müəyyən edilib məsuliyyətə cəlb olunması üçün tədbirlər davam etdirilir. Eyni zamanda bildiririk ki, terror aktlarına, dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə çağırış edənlərə qarşı qanunla müəyyən edilmiş ən ciddi tədbirlər görüləcək. Müvafiq cinayət işi üzrə istintaqın gedişi haqqında əlavə məlumat veriləcək".