Son əlavələr‎ > ‎

"General Konstrakşn" MMC-də və keçmiş "Globus Plaza"da indi nələr baş verir?

30 Haz 2018 14:20 tarihinde Aydin Salis tarafından yayınlandı   [ 3 Tem 2018 02:06 güncellendi ]
Yaxın keçmişdə Şəkidəki "Şəki-İpək" ASC-nin və bəzi MMC-lərin sahibi  "General Konstrakşn" MMC idi. "General Konstrakşn" MMC-nin ofisi  isə Bakıda Tbilisi prospekti  35 ünvanındakı məşhur "Globus Plaza"da yerləşirdi. Ofis  elə indi də oradadır,  amma həmin bina  indi rəsmən  "ASK Plaza" adlanır. "ASK"  “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin qısaldılmış adıdır. 

Binanın "ASK Plaza" adlanması heç də təsadüfi deyil. Belə ki  indi həmin bina  "General Konstrakşn" MMC ilə birlikdə  “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin idarəçiliyindədir. "Azərbaycan Sənaye Korporasiyası" MMC binada və  "General Konstrakşn" MMC-də öz təyinatına uyğun olaraq sağlamlaşdırma işləri ilə məşğul olmalı idi. Amma... 

Bəlkə kimsə “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin haradasa nəyisə sağlamlaşdırdığını görüb, amma şəxsən biz görməmişik. Yalnız bir faktı qeyd etsək, kifayətdir: ölkədə bu il 500 tondan artıq barama tədarük olunub, amma Şəki ipək kombinatı yenə də işləmir?! Mahlıc var, şəxsən Prezidentdən xahiş etdik, kombinata pambıq ayırdılar, yenə də pambıq sexi işləmir?! 

Mətləbdən uzaqlaşmayaq, qayıdaq "General Konstrakşn" MMC-yə və  indiki "ASK Plaza"ya və  “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin "sağlamlaşdırma" metoduna. 

Məlum olduğu kimi ötən ilin oktyabrında  "Globus Plaza" ünvanında аşağıda  adları sadalanan  7 yeni şirkət təsis olunmuşdu:

  1. “Şəki Ət və Süd Məhsulları” MMC
  2. “Şəki Kərpic İstehsalı” MMC
  3. “Şəki Heyvandarlıq” MMC
  4. “Mingəçevir İzolit” MMC
  5. “Azərtütün” MMC
  6. “Şəki İpək İstehsalı” MMC
  7. “Azərpambıq” MMC


Bu 7 şirkət "General Konstrakşn" MMC-nin törəmə şirkətləri idi. Bundan az sonra, noyabrın əvvəllərində “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin meydana çıxaması  ilə biz həmin 7 MMC-nin adına, qeydiyyat sənədlərindən başqa digər heç bir yerdə təsadüf etmirik. Əvəzində başqa adlarla qarşılaşırıq. Məsələn, “Şəki İpək İstehsalı” MMC əvəzinə "Azəripək" MMC və s.

"General Konstrakşn" MMC  keçmiş "Globus Plaza" ilə birlikdə “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin idarəçiliyinə keçdikdən  bir müddət sonra MMC-nin 35 işçisi "öz xahişləri" ilə işdən azad ediliblər, sonra 2 aylıq müqavilə ilə, müvəqqəti olaraq işə götürülüblər. 2 aydan sonra isə onlar artıq "General Konstrakşn" MMC-nin işçiləri olmayacaqlar, 35 nəfər də belə işsiz qalacaq.  "Azərbaycan Sənaye Korporasiyası” ASC 35 işçisi və 89 milyon manat kredit borcu olan "General Konstrakşn" MMC-yə 3 min 600 manat maaşla  direktor adı altında  bir rəhbər göndərib: Mürsəlova Yuliya Aleksandrovna ("General Konstrakşn"  MMC-nin baş direktoru hal-hazırda Malik Abbasovdur). 

Yuliya Aleksandrovnanın əri Bəyəli Mürsəl oğlu Mürsəlov 1976-cı ildə Zaqatala rayonunda anadan olub. 2006-2010-cu illərdə  “General konstrakşn” şirkətində “Sənaye və qida məhsulları üzrə menecer” vəzifəsində işləmişdi. Onun bu vəzifəni tutması Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzanin deputat həmkarı və “General Konstraşn” şirkətinin rəhbəri Dünyamin Xəlilovdan xahişi sayəsində mümkün olmuşdu (Bəyəli  Mürsəlovun anası Qəribova Firuzəxanım Hacıbaba qızı Ziyad Səmədzadənin köməkçisidir). 2007-ci ildə isə yenə də Ziya Səmədzadənin xahişi ilə Bəyəli Mürsəlovun həyat yoldaşı Yuliya Aleksandrovna da bu şirkətə məsul vəzifəyə təyin edilmişdi. Lakin işlədikləri 4-5 il ərzində şirkətə vurduqları 350 min manat ziyanın hesabatını verə bilmədiklərinə görə hər ikisi şirkətdən qovulmuşdu  (Bax: Latviyada bankirin qətlində azərbaycanlı biznesmenlərin əli ola bilərmi? ; В Европе закрыли банк, отмывавший деньги из Азербайджана ;  В Азербайджане выявлен факт коррупции в деятельности зарубежной компании)...  

P.S. Biz yalnız seçdiyimiz sərlövhəyə uyğun olan məsələdən yazmağa çalışsaq da, özü də bacardığımız qədər az yazmağa çalışsaq  da,  həm də  deyəsən, "Azərbaycan Sənaye Korporasiyası” ASC-nin sağlamlaşdırma tədbirlərlərinin nədən ibarət olduğuna da bir az aydınlıq gətirdik.  Mövzudan yayınmağımızı üzrlü hesab edin. 
Aydın Məmmədov