Son əlavələr‎ > ‎

Hindistanlı Məhəmməd Muzammil niyə Şəkidən əliboş qayıtdı və niyə ipəyi və ipək parçanı başqa ölkədən aldı?

15 Nis 2018 12:40 tarihinde Aydin Salis tarafından yayınlandı   [ 29 Nis 2018 11:32 güncellendi ]
Hindistan ipək istehsalına görə dünyada ikinci olsa da,  həm də ipək idxalına görə də birincidir.  Məhəmməd Muzammil isə Hindistanda  ipəkçilik üzrə ixtisaslaşmış  
Mainline Enterprises şirkətin meneceridir. Bir müddət əvvəl internet üzərindən bizimlə əlaqə saxlayıb  Azərbaycandan ipək almaq niyyətində olduğunu bildirmişdi. Aidiyyəti olan şəxslərin telefon nömrələrini verdik, onlarla danışdı. Sonra bizə dedi ki, vallah, deyəsən, mən onları başa düşmürəm. Çünki dedikləri qiymət Hindistandan iki dəfə bahadır. Təklif etdik ki Azərbaycana gəlsin, hər şeyi öz gözü ilə görsün. Elektron viza alması üçün Azərbaycan Xarici İşlər nazirliyi  saytının linkini də göstərdik. Viza aldı və martın 11-də Azərbaycana gəldi.

Onu apardıq "Azərbaycan Sənaye Korporasiyası" ASC-nin ofisinə. Bizi hörmətlə qarşıladılar, "Şəki-İpək" ASC-nin rəhbərliyinə zəng edib tapşırdılar ki, anbarlarda olan bütün malı ona göstərsinlər, hansını satın almaq istəyirsə özü üçün qeyd etsin, sövdələşmə isə "Azərbaycan Sənaye Korporasiyası" ASC-nin ofisində baş tutacaq.

Şəkiyə axşam saat 17:00 radələrində çatdıq. Muzammili hörmətlə qarşıladılar və hotelə yerləşdirdilər. Sabahı gün anbarlarda olan malları göstərdilər, birisi gün isə Özbəkistana yola saldılar. 

Muzammil Özbəkistandan sonra Şanxaya getdi, sonra qayıtdı Hindistana. Sonra yenidən gəldi Özbəkistana ipək amağa. 1 kq-ı 53 dollara ipək  alıb göndərdi Hindistana. Sonra getdi Çinə - ipək parça almağa. Aprelin 15-də bizə yazdı ki, Şəkidə 8,5 dollara təklif edilən parçanı Çində 5.9 dollara aldım. 

Yuxarıda qeyd etdik ki, biz  "Azərbaycan Sənaye Korporasiyası" ASC-nin öfisində olarkən "Şəki-İpək" ASC-nin rəhbərliyinə zəng edib tapşırmışdılar ki, anbarlarda olan bütün malı ona göstərsinlər, hansını satın almaq istəyirsə özü üçün qeyd etsin, sövdələşmə isə "Azərbaycan Sənaye Korporasiyası" ASC-nin ofisində baş tutacaq. Lakin hansısa səbəbdən Muzamilin yenidən "Azərbaycan Sənaye Korporasiyası" ASC-nin ofisinə getməsi təmin edilmədi. Ona Hindistana aparması üçün isə yalnız ötən il bir iranlı iş adamının sifarişi əsasında toxunmuş, lakin sonda alınmamış qeyri-standart bir xam parçanın nümunələri və ipək iplik verildi. Muzammilin dediyinə görə həmin nümunələri Hindistanın bəzi toxuculuq müəssisələrinə göndərib, təklif edilən qiymətə heç kim razılaşmayıb, sonradan təkrar sorğu göndərib ki,  "bəs siz bu malı neçəyə almaq istəyirsiniz?". Cavab bu olub həmin parça Hindistan standartlarına uyğun deyil ipək iplik isə çox baha təklif edilir. 

Sonda məlumat üçün onu da əlavə edək ki, regionun ən böyük sənaye müəssisəsi olan Şəki ipək kombinatının istehsal etdiyi parçaya müştəri olmadığına görə bu il fevral ayının 1-dən etibarən orada istehsal tam dayandırılmış, işçiləri isə öz hesablarına məzuniyyətə göndərilmişdir (bax: “Şəki-İpək” ASC-nin bəzi istehsalat və sexləri heç işə düşmədi, işə düşənləri isə dayandı...). 

Aydın Məmmədov